BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
Published 9 August 2022
BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, 2014-2015 və 2015-2016-cı illərdə Türkiyənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub.
Bildirilib ki, hazırda Türkiyə Böyük Millət Məclisinin üzvü olan Volkan Bozkır 1992-1996-cı illərdə Prezident Turqut Özal və Prezident Süleyman Dəmirəlin kabinet rəhbəri və xarici əlaqələr üzrə müşaviri, Türkiyənin 2005-2009-cu illərdə Avropa İttifaqındakı səfiri vəzifələrində çalışıb.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Eyni zamanda, Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması, dünyada təbliği, eləcə də dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsidir. Həmçinin Nizami Gəncəvinin ədəbi irsinin araşdırılması və təbliği məqsədilə nüfuzlu yerli və xarici alimlərdən ibarət alimlər şəbəkəsi formalaşdırılmışdır. Mərkəz qarşıda qoyulan məqsədlərə nail olmaq üçün ətrafında nüfuzlu sabiq dövlət və hökumət başçılarını, həmçinin beynəlxalq ekspertləri birləşdirir.